"Bayraktar-2" - erməni artilleriyasının qənimi -  erməni topçunun etirafları

12:58 29.04.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Topçu Tiqran 44 günlük müharibədə Azərbaycan Ordusunun onları necə məhv etməsini danışır

"27 sentyabr saat 12-də biz "Arsax"a (Dağlıq Qarabağ - red) yollandıq. Mənim hərbi əməliyyatlardakı iştirakım isə pilotsuz təyyarənin Amaras kilsə kompleksi yaxınlığındakı sonuncu topumuzu məhv etməsi ilə başa çatdı"...

Hafta.az xəbər verir ki, bu fikirləri 44 günlük müharibədə Ermənistan silahlı qüvvələrinin tərkibində artilleriya bölməsində iştirak edən erməni ""könüllü" Tiqranın Panorama.am saytına etiraflarındandır.   

O, Ermənistan ordusunun necə darmadağın olması, hərbi texnikaların məhvi, ordudakı nizamsızlıq və əsgər çatışmazlığı ilə bağlı məqamları açıqlayıb. Tiqran deyir ki, sentyabrın 27-də onun yaşadığı evə orduya çağırılmaqla bağlı çağırış gəlib. Buradan belə nəticə doğur ki, Ermənistan ordusu ehtiyatda olan qüvvələrini elə müharibənin ilk günündə və saatlarında formalaşdıraraq Dağlıq Qarabağa göndərib. Ermənilərin Amaras adlandırdıqları Alban məbədi isə Füzuli şəhərinin yaxınlığında yerləşir, hansı ki, Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində oktyabrın 17-də işğaldan azad edildi.

Tiqranın sözlərinə görə, müharibənin ilk günlərində 65 nəfərli heyət 6 artilleriya qurğusu ilə birlikdə cənub istiqamətində döyüşlərə qatılıb. Döyüşlərdə iştirakının sonunxu günü 25 hərbçi və 1 topları qalır.  "Bayraktar-2" pilotsuz təyyarəsinin zərbəsi nəticəsində həmin top da məhv edilir - 7 nəfər ölür, 9 nəfər isə yaralanır:

"Şəxsi heyətdən cəmi 9 nəfərin sağ qaldığını öyrəndikdə komandirin müavini ilə görüşdük. O, hərbi texnikanın tamamilə məhv olduğunu, komandirin öldüyünü, digər zabitlərin yaralandığını söyləyərək döyüşü davam etdirə bilməyəcəyimizi dedi. Bizi bir kəndə gətirdilər. Orada hərbi texnikaları məhv edilmiş bizim kimi ayrı-ayrı hərbi hissələrin sağ qalan əsgərləri var idi. Onlardan bir çoxu müharibə nəticəsində çox ağır psixoloji sarsıntı keçirirdi...".

Tiqran daha sonra döyüş yolunun necə keçdiyindən danışır:

"Aprel döyüşlərində də, sentyabrda da başlayan hərbi əməliyyatlarda mən topçu olmuşam. Piyadaların necə döyüş aparmalı olduqlarından tamamilə xəbərsiz idim. Sinə hissəsinin zəif tərəflərini örtmək üçün silahı necə tutmalı olduğumu belə bilmirdim. İlkin tibbi yardımı da bizə öyrətməmişdilər. Müharibə zamanı ehtiyatda olanların briqadasındakı Aram mənim qollarımda can verdi. Onun köynəyini açdım. Sinəsi parçalanmışdı. Nə etməli olduğumu, bədənini hansı istiqamətə çevrilməli olduğumu bilmirdim... Komandirdən soruşdum, o da yaralı idi...".

Ekspertlər də bildirir ki, məhz bu cür amillər Ermənistan ordusunda döyüş ruhunu tamamilə məhv edib, şəxsi heyət arasında nizamsızlıq, fərarilik hallarını artırıb.

Qeyd edək ki, Dağlıq Qarabağda Ermənistan ordusunun əsas güvəndiyi qüvvə məhz artilleriya bölmələri olub. Onlar bu sistemlər vasitəsilə Azərbaycan Ordusunun zəfər yürüşünün qarşısını ala biləcəklərini düşünürdülər. XXI əsrin müharibəsini aparan Azərbaycan Ordusunun ən müasir pilotsuz uçuş aparatlarından istifadəsi ermənilərin "əsas silahı"nı çox qısa zamanda məhv etdi. Xüsusilə döyüş toplarının məhv edilməsində "Bayraktar-2" pilotsuz uçuş aparatlarının rolu əvəzsizdir. 

Hollandiyalı araşdırmaçı Oquxun hazırladığı hesabata əsasən, ermənilər Qarabağda 44 günlük müharibə dövründə 320-dən artıq artilleriya sistemlərini itiriblər.

Göründüyü kimi, erməni hərbçilərinin Azərbaycan Ordusundan aldığı zərbələr hələ də döyüşlərə qatılanlar üçün ən qorxulu yuxuya çevrilib...